1399555735Bakıdan qovulan türkiyəli həkim danışdı

HAMDİ KOÇER: “MƏNİM ÇALIŞDIĞIM XƏSTƏXANALARA ZƏNG VURARAQ “ONU İŞDƏN ÇIXARIN” DEYİLİB”

İstanbulda yerləşən “Neolife” Tibb Mərkəzində çalışan cərrah Hamdi Koçeri Azərbaycanda tanıyanlar xeyli çoxdur. Xüsusən döş vəzisinin xərçəngi diaqnozu qoyulan qadınlar üçün bu ad az qala xilaskar kimi qəbul edilir. Bunu H.Koçerin sosial şəbəkədəki ünvanına müraciət edən, azərbaycanlı həkimlərin qoyduğu yanlış diaqnozdan əziyyət çəkən qadınların çoxluğundan da müəyyən etmək mümkündür.

Amma bu günlərdə Bakıya gəlib, xəstələrini qəbul edən H.Koçer klassik Azərbaycan reallıqları ilə  qarşılaşıb. O, yaşadıqlarını sosial şəbəkədəki statusunda yazıb. Statusu nəzərinizə çatdırırıq: “Həftə sonu Bakıda idim. Şənbə günü 21 xəstəyə baxdım. Bazar günü 31 xəstəyə baxdım və bazar ertəsi günü üçün də qəbula 20 xəstə yazılmışdı. Amma prezidentin yardımçısı “Elva” xəstəxanasına zəng vuraraq belə dedi: Əgər mənim orda işləməyimə icazə verilərsə, idarə bütün klinikanı bağlayacaq. Mən də bazar ertəsi günü xəstələrimi görə bilmədən İstanbula geri qayıtdım. Qəbula yazıldığı halda görüb müayinə edə bilmədiyim xəstələrimdən üzr istəyirəm. Amma bilinsin ki, bunun cavabdehi mən deyiləm, Azərbaycan yönətimidir. Bu gün bir xəstəmdən məktub gəldi: “Mən sizinlə bağlı sosial şəbəkələrdə yazılmış məlumatları oxudum. Çox təəssüf edirəm. Bizim sizin kimi həkimlərə ehtiyacımız var””.

Xatırladaq ki, H.Koçer daha öncə də Azərbaycandakı səhiyyə ilə bağlı statuslar paylaşıb. O statuslardan biri də jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı olub. Həkim E.Tofiqqızına qoyulan diaqnoz və müalicənin onun üçün qaranlıq qaldığını yazıb: “Əcəba bu qadın hansı məqsədlə süd vəzisi əməliyyatından keçirildi? Mastopatiya ? Fibroadenom ? Yoxsa həqiqətən xərçəng idi? İynə biopsiyası ilə dəqiq diaqnoz var idi?”

Elə bu statuslar və onun son yazdıqları Azərbaycan səhiyyəsinə bələd olduğunu göstərir. “Yeni Müsavat” da baş vermiş bu özbaşınalığın detallarına aydınlıq gətirmək üçün türkiyəli həkimlə əlaqə saxladı. H.Koçer əməkdaşımızla söhbətində Bakıda ona qarşı edilən təzyiqlərdən danışdı: “Mənim çalışdığım “Elva” xəstəxanasının sahibi Elnur bəyə və atasına “prezidentin yardımçısı” (biz müsahibimizdən bu şəxsin kim olduğunu dəqiqləşdirmək istəsək də, onun əslində bu şəxs barədə heç bir məlumatı olmadığı bəlli oldu. Sadəcə onu vurğulayaq ki, Azərbaycanın hakimiyyət iyerarxiyasında “prezidentin yardımçısı” adlı hər hansı vəzifə yoxdur - müəllif) tərəfindən zəng vurularaq xəbərdarlıq edilib. Mən bilmirəm ki, konkret bu təzyiqin səbəbi nədir. Çünki Azərbaycanda kimsə bu günə qədər birbaşa üzümə bir şey deməyib. Amma çalışdığım, əməkdaşlıq etdiyim xəstəxanaların sahibləri və ya rəhbərliyində təmsil olunan şəxslərə bir qayda olaraq zəng edərək təzyiq göstəriblər. Deyiblər ki, məni işdən çıxarsınlar. Eləcə də süd vəzisi xəstələrinə baxmamağımla bağlı xəbərdarlıq edilib”.

Müsahibimizin iddiasına görə, daha öncə iki xəstəxana sahibinə birbaşa doktor Əliyev tərəfindən zəng olunub. Bu iddiasını təsdiq edən hər hansı sübutu olmasa da, H. Koçer bunları dedi: “Hesab edirəm ki, onkoloji xəstəliklər Azərbaycanda “milli” bir xəstəlik olaraq qəbul edilir. Yəni, ancaq onkoloji xəstəliklər “milli” sayılır, çünki xarici həkimlər onkologiya xaricində başqa mövzularda çalışa bilirlər problemsiz olaraq. Mövzu onkologiya olanda isə xəstəlik bir anda “milli” xəstəliyə çevrilir və sadəcə “milli onkologiya”nın öhdəsinə buraxılır. Hesab edirəm ki, bu mövzunu “milli onkologiya” tərəfindən araşdırmalısınız. Hətta oradakı rəhbərlərdən də soruşmalısınız ki, nədən “milli onkologiya”? Xəstəliyin və ya müalicənin dini, irqi ola bilərmi? “Milli onkologiya” bu məsələdə bir monopoliyanı təmsil edir. Halbuki xərçəng xəstəliyi Türkiyədə nədirsə, Amerikada nədirsə, Azərbaycanda da eyni deyilmi? O zaman niyə adı “millidir” və bu məsələdə bir monopoliya var? Mən niyə Azərbaycanda süd vəzi xərçəngi xəstəsini müayinə edə bilmərəm?”

Müsahibimiz dedi ki, hər il 20-30 azərbaycanlı qadını İstanbulda əməliyyat edir: “Onların sayı dayanmadan artır. Bu xəstələr diaqnoz və müalicə üçün mənim yanıma gəlir. Nəticədə də sizin ölkənizdən pul çıxır. Ona görə də düşündüm ki, həm Bakıya gəlim, əməliyyatları orada edim, müayinədən keçirim xəstələrimi. Azərbaycanlı həkimlər isə onların şüa və kimya terapiyalarını həyata keçirsin. Amma qəbul etmədilər. Dedilər ki, ya xəstələri İstanbulda əməliyyat et, biz də burda şüa və kimyaterapiyanı edək. Ya da burda əməliyyat et, sonrakı onkoloji müalicə üçün İstanbula apar. Həmin vaxt Mərkəzi Klinikada idim. Oranın rəhbəri Məlikşah bəy də bu olaylara şahiddir. Mən bir daha Bakıda heç xərçəng əməliyyatı etmədim. Amma məndən daim kimlərsə şikayət edir və işləməyimə mane olur. Onun kim olduğunu isə mən bilmirəm”.

“Yeni Müsavat” yazıda adı çəkilən klinikalardan mövqe öyrənməyə çalışsa da, buna nail ola bilmədi. Amma iddialara cavab vermək istəyən əlaqədar şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.  - See more at: http://axar.az/news/17165#sthash.3tJgM6H8.dpuf

“Yeni Müsavat” yazıda adı çəkilən klinikalardan mövqe öyrənməyə çalışsa da, buna nail ola bilmədi. Amma iddialara cavab vermək istəyən əlaqədar şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.


http://axar.az/news/17165#sthash.3tJgM6H8.dpuf


“Yeni Müsavat” yazıda adı çəkilən klinikalardan mövqe öyrənməyə çalışsa da, buna nail ola bilmədi. Amma iddialara cavab vermək istəyən əlaqədar şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.  - See more at: http://axar.az/news/17165#sthash.3tJgM6H8.dpuf

Yorum ekle


Güvenlik kodu
Yenile