Süd vəzisi xərçəngi ən çox limfa yolu ilə yayılır. Xərçəng hüceyrələri əvvəl ən yaxındakı qonşu limfalara çatır. Bu xəstəliyin hər hansı dövründə ortaya çıxa bilər. Süd vəzisindəki şişin diametri böyüdükcə qoltuq altına yayılma ehtimalı da artır. Erkən dövrdə   1sm-dən kiçik şişlərdə bu risk çox azdır.

Qoltuq altındakı limfa vəzilərinin vəziyyəti fiziki müayinə sırasında yoxlanılır, sonra ultrasəs müayinə vasitəsilə qiymətləndirilir, amma dəqiq diaqnoz üçün limfalar çıxarılıb mikroskop altında incələnməlidir.

Qoltuq altındakı limfa vəzilərinin vəziyyəti, xəstəliyin mərhələsini öyrənmək üçün lazımdır. Xəstəliyin mərhələsi də tətbiq edilən müalicə planı üçün də çox vacibdir. Xərçəng hüceyrələri qoltuq altına çatmamışdırsa, bu xəstəliyi süd vəzisinin içində lokal qalmış kimi düşünə bilərik. Qoltuq altına yayılmış xərçəng, sistemik bir xəstəlik vəziyyətinə gəlmişdir və müalicəsi daha fərqlidir.

Qoltuq altı əməliyyatı əsasən süd vəzisi əməliyyatı ilə birlikdə aparılır. Istər döş qoruyucu, istərsə də bütün vəzinin alındığı əməliyyat- mastektomiya aparılsın, xəstəliyin mərhələsi  və müalicəsi üçün mütləq qoltuq altı limfa vəzilərinə baxılmalıdır.

İdeal bir nümunə üçün ən az 10 limfa vəzisi çıxarılmalıdır. Çıxarılan 10 limfa vəzisində xərçəng hüceyrəsinə rastlanmaması 90% ehtimalla xərçəngin qoltuq altına yayılmamasını göstərir. Say artdıqca alınan nümunələrin etibarlılığı da artır. Bununla bərabər, sayın artması qolda limfödem və limfa dövranı pozğunluğu təhlükəsini artırır.

Qoltuq altındakı limfa vəzilərinin çıxarılmasının komplikasiyaları, yəni ağırlaşmaları və risklərinə görə son illərdə növbətçi limfa vəzilərindən nümunə alınmağa başlanmış və bugünə qədər etibarla və müvəffəqiyyətlə tətbiq edilmişdir.

Növbətçi limfa vəzilərindən  nümunə alınması prinsip olaraq süd vəzisinə verilən radioaktiv və ya kimyəvi maddələri qoltuq altında tutan ilk 1-2 limfa vəzisini çıxarıb incələməkdən ibarətdir. Xərçəngin yayılma yolu üzərindəki bu limfalar təmizdirsə, daha irəliyə getmədiyindən əmin ola bilərsiniz. Beləliklə də, gərəksiz qoltuq altı əməliyyatından xəstəni qurtarmış olarıq.